DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən Sosial Təminatda İdarəetmə və İnnovasiya (Management 2025) beynəlxalq konfransında təmsil olunur.
Misirin Milli Sosial Sığorta Təşkilatı və BSTA-nın təşkilatçılığı ilə baş tutan tədbir "İnsanlar, innovasiya və liderliklə birgə transformasiya" mövzusunda keçirilir.
Konfransda müxtəlif ölkələri təmsil edən 400-dən çox nümayəndə iştirak edir. Nümayəndə heyətlərinə sosial təminat sahəsində dövlət və özəl sektoru təmsil edən rəhbərlər, İT menecerlər, ekspertlər və s. daxildir.
Tədbirin məqsədi davamlı xidmətlərin təmin edilməsi, innovasiyaların tətbiqi, insan resurslarının yenilənməsi, xidmətlərin təkmilləşdirməsi və s. istiqamətdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı genişləndirməkdir.
Konfransda DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndəsi Elmira Həsənova iştirak edir.
Seymur Alıyev konfransın plenar sessiyasında "İnnovasiya idarəçiliyi: İnnovasiya üçün əməkdaşlıq liderliyinin gücləndirilməsi" mövzusunda panelçi, "İnnovasiya idarəçiliyi və əlaqədar mövzular" mövzusunda spiker və İnnovativ zonada "Azərbaycanda əlilliyi olan şəxslər və digər risk qrupu nümayəndələri üçün veb-əlçatanlığın təmin edilməsi" mövzusunda isə təqdimatçı qismində iştirak edir.
Elmira Həsənova paralel sessiyada "İstifadə rahatlığını artırmaqla xidmət keyfiyyətinin yüksəldilməsi" mövzusu ilə spikerdir.
Qeyd edək ki, dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən BSTA ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi