Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığı təmin edilir

14 fevral 2025, 17:08
A+ A-
Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığı təmin edilir

“Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində icra olunan Tələbələrin Akselerasiya Proqramının 2023-2024-cü illər üçün hesabat tədbiri keçirilib. Tədbir DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNICEF Azərbaycanın birgə tərəfdaşlığı ilə baş tutub.

DOST Agentliyinin inzibati binasında keçirilən tədbir benefisiarların uğur hekayələri, tərəfdaş və iştirakçıların çıxışları ilə yadda qalıb. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, əlilliyi olan gənclərin məşğulluğunun təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daim diqqətində olan bir məsələdir. Bu istiqamətdə DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNICEF Azərbaycan arasında məhsuldar əməkdaşlığı layihənin uğurla nəticələnməsini şərtləndirən əsas amillərdən biri oldu. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, UNICEF Azərbaycanın nümayəndəsi Saca Faruq Abdullah, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Nərmin Məmmədova Sadıxlı, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin şöbə rəisi Xəyalə Fətullayeva və digər şəxslər çıxış edərək layihənin önəmindən, qazanılan uğurlardan danışıblar.

Daha sonra layihə iştirakçılarından olan Bakı Dövlət Universitetinin məzunu Ceyran Qədirova, Bakı Ali Neft Məktəbinin tələbəsi Əzim Əzizov və məzunları Həsən Qədimov və Baxış Musazadə uğur hekayələrini bölüşüblər.
Sonda proqramı uğurla başa vurmuş 44 iştirakçıya sertifikatlar və Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən kitab hədiyyələri təqdim olunub.

Qeyd edək ki, layihənin benefisiarları əlilliyi olan gənclərdir. 2023-cü ilin oktyabr ayından icrasına başlanan layihə Azərbaycan Respublikası ilə BMT-nin Uşaq Fondu arasında “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilib.

Proqramın məqsədi cəmiyyətdə əlilliklə bağlı stereotiplərin dəyişdirilməsi və əlilliyi olan gənclərin ictimai həyatdda digər insanlarla bərabər iştirak imkanlarının artırılması, fərdi və peşəkar bacarıqlarının artırılması ilə əmək bazarına uğurlu keçidin, bununla da dinamik və inklüziv cəmiyyətin formalaşdırılmasına şəraitin yaradılmasıdır. Proqram çərçivəsində 18-29 yaş qrupu üzrə Bakı şəhəri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən dövlət və özəl olmaqla 42 ali və 11 peşə təhsili müəssisəsi və 360 tələbə ilə proqram imkanları barədə məlumatlandırma işi aparılıb, 17 ali və 4 peşə təhsili müəssisəsi və 70-dən artıq tələbə və məzun layihəyə cəlb olunub. Proqramda uğurlu nəticə göstərən 44 tələbə və məzun müxtəlif təcrübə proqramlarına cəlb olunub və iş təklifi alıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi