Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının geniş tərkibli görüşü keçirilib. Onlayn formatda baş tutan tədbiri giriş sözü ilə açan komissiyanın, həmçinin DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin gündəliyini elan edib və qarşıda duran məsələlər barədə söz açıb.
Görüşdə komissiyanın tərkibinə daxil edilən yeni qurumlar təqdim olunub.
Daha sonra 2024-cü il ərzində komissiya tərəfindən görülmüş işlər barədə təqdimat nümayiş etdirilib. Hesabat dinlənildikdən sonra 2025-ci il üzrə nəzərdə tutulan tədbirlər planı haqqında məlumat verilib.
Görüşdə cari məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri Fərid Məmmədov tərəfindən qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, DOST Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi