DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Üzvlər Forumunda təmsil olunur

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Üzvlər Forumunda təmsil olunur

DOST Agentliyinin nümayəndə heyəti "Avropa Sosial Şəbəkəsi Üzvlərinin 2025-ci il üzrə Forumu"nda iştirak edir. Polşanın paytaxtı Varşava şəhərində “Nailiyyətlər, sosial xidmətlərin gələcəyinin formalaşdırılması” istiqaməti üzrə keçirilən forumun məqsədi Avropa Sosial Şəbəkəsinin (European Social Network - ESN) üzvləri arasında şəbəkənin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir.

Tədbirdə DOST Agentliyi ilə yanaşı Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də təmsil olunur.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa Sosial Şəbəkəsinin İdarə Heyətinin iclasında iştirak edib, həmçinin müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.

Forum çərçivəsində dayanıqlı və uzunmüddətli sosial qayğı imkanlarına həsr olunmuş seminar da baş tutub.

Qeyd edək ki, DOST Agentliyi 2021-ci il mart ayından Avropa Sosial Şəbəkəsinin üzvüdür. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2023-cü ilin noyabr ayında Avropa Sosial Şəbəkəsinin Himayədarlar Şurasının üzvü seçilib.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi