
Qarabağ Regional DOST Mərkəzində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Gəncə, Mingəçevir, Yevlax, Şəki şəhərlərinin və Bərdə rayonunun yerli icra qurumlarının, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in müvafiq regional nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
“İnklüzivlik mərhəmət deyil, hüquqdur!” mövzusuna həsr edilmiş regional iclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə danışıb. Tədbirin Bərdə şəhərində keçirilməsinin əsas məqsədinin paytaxtla yanaşı regionlarda yaşayan əlilliyi olan şəxslərin hüquqları sahəsində mövcud vəziyyətin monitorinqi, ehtiyacların müəyyən edilməsi və məlumatlılığın artırılması olduğu vurğulanıb.
Görüşdə əlilliyi olan şəxslərlə bağlı səhiyyə, reabilitasiya, sosial dəstək tədbirləri, təhsil, şəhər infrastrukturu, ictimai nəqliyyat, informasiya əlçatanlığı, layihələr və ictimai iştirakçılıq sahələrində müyəssərlik, inklüzivlik, ağlabatan uyğunlaşma məsələlərinin araşdırılması istiqamətində müzakirələr aparılıb.
İclasda həmçinin “İnsan Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda inklüzivliyə yönəlik həyata keçirilən müxtəlif tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ "DOST Evi" şöbəsi ilə tanış olub. Ziyarətçilərə burada göstərilən xidmətlər, təşkil edilən sosial layihələr və təlim prosesi barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi