
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Müdafiə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Həyat boyu davamlı və dayanıqlı sosial təminat" adlı vebinarda məruzəçi qismində çıxış edib.
Dünyanın müxtəlif ölkələrindən 70-dən çox iştirakçının qatıldığı vebinarda Fərid Məmmədov sosial müdafiə sahəsində göstərilən dövlət xidmətləri ilə bağlı Azərbaycan təcrübəsi barədə danışıb. O qeyd edib ki, DOST Konsepsiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 7 il əvvəl yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST mərkəzləri həssas əhali qruplarından olan vətəndaşların sosial müdafiə sahəsində dövlət xidmətlərindən rahat şəkildə yararlanmasına xidmət edir. Bürokratik maneələrin olmadığı DOST Mərkəzlərində vətəndaşlar bir pəncərədən, rahat və maneəsiz şəkildə xidmət ala bilirlər.
Fərid Məmmədov ölkəmizdə vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşması prosesindən də söz açıb. “Əmək və məşğulluq“ altsistemini (ƏMAS) xüsusi vurğulayaraq qeyd edib ki, bu altsistem ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə imkan yaradan elektron platformadır. Bu platforma sayəsində əmək müqavilələri elektron şəkildə bağlanılır.
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müxtəlif alt sistemlərində toplanan məlumatlar (datalar) digər dövlət qurulmarının dataları ilə inteqrasiya olunduğuna görə, vətəndaş xidmət alarkən kağız daşıyıcılarda olan sənədləri təqdim etmək məcburiyyətində qalmır. Beləliklə xidmət daha rahat və əlçatan edilir. Xidmət alarkən vətəndaşlar bürokratik maneələrlə qarşılaşmırlar", - deyə o əlavə edib.
Fərid Məmmədov rəqəmsallaşma alətlərindən istifadənin əhali arasında təşviq edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, ölkəmizdə əhalinin sosial müdafiə xidmətlərindən istifadə etməsi üçün “E-Sosial” adlı mobil tətbiq də hazırlanıb. Bu rəqəmsal alət sayəsində insanlar DOST mərkəzlərinə gəlmədən də müəyyən sosial müdafiə xidmətlərindən yararlana bilirlər. Bu tətbiqin istifadəsi ilə bağlı, xüsusilə yaşlı insanlar üçün mütəmadi olaraq xüsusi təlimlər keçirilir, eləcə də təlimat video materialları hazırlanır.
DOST Konsepsiyası yaradılarkən Norveç, Kanada, Avstraliya, Sinqapur və Çili kimi ölkələrin sosial müdafiə sahəsindəki yaxşı təcrübələrinin əsas götürüldüyünü deyən Fərid Məmmədov həmin təcrübələrin təkmilləşdirilərək Azərbaycan mühitinə uyğunlaşdırıldığını bildirib.
"Bu günə qədər DOST mərkəzlərində 3,5 milyondan çox vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir" - o vurğulayıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi