
DOST Agentliyinin və Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Avropa Sosial Şəbəkəsinin (European Social Network - ESN) “33-cü Avropa Sosial Konfransı”nda iştirak edib.
Danimarka Krallığının Orhus şəhərində baş tutan konfrans “Qayğı texnologiyanı tamamlayanda” mövzusuna həsr olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlərdən bəhs olunub.
Konfransda Fərid Məmmədov DOST Agentliyinin ümumi təcrübəsi ilə yanaşı ‘DOST Students Acceleration Program: Support for the Socio-Economic Development of Young People with Disabilities’ (“DOST Tələbə Akselerasiya Proqramı: əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək”) mövzusunda çıxış edib.
Qeyd olunub ki, layihənin məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir. Proqramda 70-dən artıq əlilliyi olan gənc iştirak edib və məmnunluq dərəcəsi 100% olub. Növbəti mərhələdə proqramın daimi olaraq tətbiqi və tələbələrlə işəgötürənlər arasında daha səmərəli qarşılıqlı əlaqənin təmin edilməsi üçün rəqəmsal platformanın qurulması nəzərdə tutulur.
33-cü Avropa Sosial Xidmətlər Konfransı sosial xidmətlərin transformasiyasında texnologiya və rəqəmsallaşma ilə yanaşı fərdi inkişaf və sosial əlaqələrin dəstəklənməsi, bu sahədə təcrübə mübadiləsi və sosial xidmətlərin transformasiyası istiqamətində ideyaların formalaşmasına həsr olunub. Konfrans Avropada sosial xidmətlər sahəsində aparıcı şəbəkə olan ASŞ-nin iştirakçı sayı 1000-ə yaxınlaşan əsas illik tədbiridir. Konfrans miqyasına və toxunduğu məsələlərin qlobal xarakterli olmasına görə Avropanın ən böyük sosial rifah siyasəti və təcrübəsi platformasıdır.
Konfransın əsas istiqaməti sosial xidmətlərdə əlaqəli yanaşmaların və texnologiyanın birləşməsinin səmərəliliyini, əlçatanlığını artıran güclü sinerjinin müzakirəsidir. Konfrans təşkilata üzv qurumların rəhbərlərinə il ərzində sosial xidmət sahəsində əldə etdikləri yenilikləri Avropa və dünyanın digər regionlarından olan həmkarları ilə bölüşmək və mübadilə etmək imkanı verir.
Qeyd edək ki, DOST Agentliyi 2021-ci ilin fevral ayından Avropa Sosial Şəbəkəsinin üzvüdür. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2021-ci ilin mart ayından etibarən səsvermə hüququ ilə ASŞ-nin Şura üzvü, 2023-cü ilin dekabr ayından isə 3 il müddətinə ASŞ-nin Himayədarlar Şurasının üzvü seçilib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi