
DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığını dəstəkləyən Tələbələrin Akselerasiya Proqramı üzrə növbəti görüş keçirilib. 5 saylı Bakı DOST Mərkəzində baş tutan tədbir DOST Agentliyi və “AccessBank”ın birgə tərəfdaşlığı ilə korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, cəmiyyətin həssas qruplarının bilik və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyıb.
Görüş çərçivəsində “AccessBank”ın Təhsil və inkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova tərəfindən Tələbələrin Akselerasiya Proqramının iştirakçılarına maliyyə savadlılığı mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılarla büdcə planlaması, qənaət vərdişlərinin formalaşdırılması, səmərəli maliyyə idarəçiliyi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən düzgün istifadə mövzularında interaktiv və praktik sessiyalar təşkil olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Proqramın məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi