
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov "Gənc DOST" könüllüləri ilə görüşüb və onların suallarını cavablandırıb. Görüş "Könüllü DOST" proqramı tərəfindən reallaşdırılan “TeaTalks with DOSTs” premium klubu çərçivəsində baş tutub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbir Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənovanın moderatorluğu ilə reallaşıb.
İnteraktiv formada keçirilən görüş zamanı Fərid Məmmədov gənclərin suallarını cavablandırıb. Fərdi inkişaf, karyera inkişafı, təhsil, peşəkar inkişaf, liderlik bacarıqları və idarəetmə təcrübəsi istiqamətində öz bilik və təcrübələrini gənclərlə bölüşüb.
Tədbirdə, həmçinin “Könüllü DOST” proqramının fəaliyyətinə dair statistika təqdim edilib. İndiyədək proqramda iştirak edən könüllülərin sayı, onların müxtəlif sosial layihələrdə iştirakı, həssas qruplara göstərilən dəstəyin miqyası, eləcə də proqram çərçivəsində həyata keçirilən tədbirlərin nəticələri haqqında məlumatlar diqqətə çatdırılıb.
Qeyd edək ki, “TeaTalks with DOSTs” "Könüllü DOST" proqramının “Könüllü Klubları” çərçivəsində keçirilən silsilə tədbirlərdir. Bu tədbirlərin keçirilməsində məqsəd könüllü gənclərlə hökumət rəsmiləri, özəl sektorda nüfuz qazanmış şirkət rəhbərləri və digər yüksək səviyyəli menecerlərlə görüşlərin təşkilidir. Bu görüşlərdə gənc DOST könüllüləri uğur hekayələrini həmin şəxslərin özündən eşidir, suallarını ünvanlayaraq cavab alırlar.
Daha öncə keçirilmiş anoloji tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və digər qonaqlar iştirak ediblər. Gənclərin fərdi və karyera inkişafını stimullaşdırmağa yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi