DOST əməkdaşları evdə sosial xidmət göstərilən tənha ahılları ziyarət ediblər

1 oktyabr 2025, 17:49
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən tənha ahılları ziyarət ediblər

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə DOST Agentliyinin əməkdaşları evdə səyyar sosial xidmətlərdən faydalanan tənha yaşayan ahılları ziyarət ediblər. Görüşlər zamanı əməkdaşlar ahılları əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.

4 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu münasibətlə tanınmış musiqiçi Almas Ənvər qızı Mehdiyevanı da ziyarət ediblər. 1947-ci ildə Bakı şəhərində anadan olan A.Mehdiyeva zəngin musiqi fəaliyyəti ilə tanınır, bir çox ölkələrdə konsertlərdə çıxış edib, Qahirə və Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərib.

Bundan əlavə, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə sosial xidmət göstərilən ahıl və I dərəcə əlilliyi olan Gültəkin Mirsalayevanı da evində ziyarət edərək onu təbrik ediblər.

Ziyarətlər zamanı DOST əməkdaşları dövlətin ahıl şəxslərə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial islahatların əsas hədəfinin vətəndaş rifahının yüksəldilməsi, sosial xidmətlərin əlçatanlığı və keyfiyyətinin artırılması olduğunu qeyd ediblər.

Ahıl şəxslər göstərilən diqqət və qayğıya görə DOST Agentliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Beynəlxalq Ahıllar Günü dünya miqyasında ahıl insanların cəmiyyətə verdiyi dəyərin tanınması, onların rifahının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qeyd olunur. DOST Agentliyi də sosial baxımdan həssas qruplara daim diqqət göstərir və onlar üçün mütəmadi tədbirlər həyata keçirir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi