DOST Agentliyi növbəti dəfə beynəlxalq mükafatlara layiq görülüb

8 oktyabr 2025, 16:46
A+ A-
DOST Agentliyi növbəti dəfə beynəlxalq mükafatlara layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Mükəmməllik Sertifikatı və Fəxri Diplomu ilə təltif edilib.

BSTA-nın Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Ümumdünya Sosial Təminat Forumunda təmsil olunan DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif olunub. DOST Agentliyi forum çərçivəsində keçirilən Beynəlxalq Sosial Təminat Video Festivalında isə Fəxri Diplomla (Certificate of Merit) mükafatlandırılıb. Mükafatlar BSTA-nın prezidenti Məhəmməd Azman tərəfindən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova təqdim edilib.

Forum çərçivəsində Afrika, Amerika, Asiya, Sakit okean hövzəsi və Avropanı əhatə edən 14 ölkədən 19 sosial təminat qurumuna 34 sertifikat təqdim edilib. Kolumbiya, Qvineya, Oman və Filippin nümayəndələri bu proqram çərçivəsində ilk dəfə sertifikata layiq görülüblər. Video Festivalda isə 69 ölkədən 96 təşkilat tərəfindən ümumilikdə 261 video təqdim olunub.

Qeyd edək ki, DOST Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində 60-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Agentlik ötən ilin noyabrında növbəti dəfə Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı – 2024” müsabiqəsində qalib gəlib. Həmin mükafat "Rəqəmsal transformasiya" kateqoriyasında əlilliyi olan şəxslər və digər risk qrupu nümayəndələri üçün veb-əlçatanlığın təmin olunmasına görə verilib. Bundan başqa, DOST Agentliyi "DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi" və "DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə" fəaliyyəti ilə "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022" müsabiqəsinin qalibi olub.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi