
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyası”nın sədri seçilib.
Qərar BSTA Bürosunun Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş 132-ci iclasında Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın irəli sürdüyü təqdimat əsasında qəbul olunub. Büro 2026-2028-ci illəri əhatə edən növbəti üçillik dövr üçün Fərid Məmmədovun komissiya sədri təyin olunmasını yekdilliklə təsdiqləyib.
Təyinat çərçivəsində Fərid Məmmədov Komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi, həmçinin növbəti üçillik fəaliyyət planının hazırlanması və icra edilməsi prosesinə rəhbərlik edəcək. Bu məqsədlə 2026-cı ilin fevral-mart aylarında BSTA-nın Texniki Komissiyalarının 20-ci Forumu keçiriləcək. Forumda bütün Texniki Komissiyaların sədrləri, sədr müavinləri və üzvləri növbəti illər üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, 160-dan çox ölkənin qurumlarını özündə birləşdirən BSTA sosial təminat sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Bu qərar isə Azərbaycanın sosial siyasət və idarəetmə sahəsində qlobal miqyasda artan nüfuzunun göstəricisidir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi