
DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”nda iştirak edib. “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində keçirilən tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.
Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.
Qaliblər arasında “Könüllü DOST” proqramının üzvləri də olub. Qədir Nəsirov “Dövlət qurumlarında könüllülük”, Fatimə Bayramova isə “Sosial sahədə könüllülük” nominasiyaları üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif edilib.
Qeyd edək ki, “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə baş tutub.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi