Asan Aç

Əməkhaqlarına müddətli əlavə ödənilən sosial xidmət işçilərinin əhatə dairəsinə 2 min nəfər daxildir

18 may 2020, 17:28
A+ A-
Əməkhaqlarına müddətli əlavə ödənilən sosial xidmət işçilərinin əhatə dairəsinə 2 min nəfər daxildir

Prezident İlham Əliyevin 14 aprel 2020-ci il tarixli Sərəncamında xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilməsi tapşırılıb.

Sərəncamın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 15 may 2020-ci il tarixli Qərara əsasən həmin işçilərin əhatə dairəsi və əlavənin ödənilmə müddəti müəyyən olunub.

Qərarla qeyd olunan işçilərin əhatə dairəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər (1400 nəfər), DSMF-nin psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçiləri (600 nəfər) daxildir.

Ümumilikdə əməkhaqqına müddətli əlavənin verilməsi 2 min sosial xidmət işçisinə şamil olunur. Müddətli əlavə onlara 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi