Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa edilib. Artıq bu mərkəzlərdə bütün xidmətlər üzrə vətəndaşların qəbul edilməsinə başlanılıb.
Mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstərir. 142 Çağrı Mərkəzi də artıq fəaliyyətini əvvəlki qaydada davam etdirir. Xidmətlərdən yaralanmaq istəyən vətəndaşlar həftə içi 9:00-dan 18:00-a qədər, şənbə günü isə 10:00-dan 13:00-a kimi Çağrı Mərkəzinə zəng edə bilərlər.
Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl edilir. Əməkdaşlar qoruyucu maska və birdəfəlik əlcəklərlə təmin edilib. Vətəndaşlar isə mərkəzlərə növbə ilə, əllərini xüsusi məhlulla dezinfeksiya etdikdən sonra buraxılır. Onların qoruyucu maskalardan istifadə etmələri və tibbi-profilaktik qaydalara ciddi əməl edərək sosial məsafə saxlamaları da vacibdir.
Xatırladaq ki, ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi