
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində “İnklüziv xidmətlərin göstərilməsində innovativ yanaşmalar: sosial innovasiya vasitəsilə transformativ təsirin gücləndirilməsi” mövzusunda yan tədbir keçirilib.
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Çin Əlillər Federasiyasının birgə təşkilatçılığı ilə Taylandın Banqkok şəhərində baş tutan tədbirə Azərbaycanın dövlət qurumları onlayn formatda qatılaraq ölkəmizin sosial sahədəki qabaqcıl təcrübələrini dünya ictimaiyyətinin diqqətinə çatdırıblar.
Tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası haqqında çıxış edib, əmək və sosial müdafiə sahəsində “bir pəncərə” prinsipinin üstünlükləri barədə məlumat verib. F.Məmmədov DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyini, beynəlxalq uğurlarını və s. iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra keçirilən panel müzakirədə 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev "DOST: Vətəndaş mərkəzli, rəqəmsal əsaslı sosial innovasiya" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim edilməsi, həmçinin əmək və sosial müdafiə sahəsində tətbiq edilən proaktiv xidmətlər barədə ətraflı məlumat verilib. Xüsusilə DOST Agentliyinin məlumat əsaslı idarəetmə metodları və həssas qruplar üçün əlçatanlığı təmin edən texnoloji həlləri region ölkələri üçün nümunəvi yanaşma kimi nümayiş etdirilib.
Müxtəlif ölkələrdən yüksək səviyyəli ekspertlərin iştirak etdiyi tədbirdə əlilliyi olan şəxslər və ahıllar üçün sosial ekosistemin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələrdə vətəndaş iştirakçılığının artırılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və innovativ xidmət modellərinin dayanıqlı maliyyələşdirilməsi kimi strateji məsələlərə toxunulub. Tədbirin sonunda inklüziv xidmətlərin inkişafı üzrə praktik tövsiyələr toplusu qəbul edilib və "heç kəsi kənarda qoymamaq" prinsipi əsasında qlobal əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi