"DOST to DOST" layihəsi çərçivəsində könüllülər üçün təlim keçirilib

4 sentyabr 2026, 17:18
A+ A-

“DOST to DOST” layihəsi çərçivəsində DOST könüllüləri üçün keçirilən “Əməyin mühafizəsi üzrə təcrübə əsaslı təlim proqramı”nın ilk təliminin hər iki mərhələsi uğurla yekunlaşıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Təlim “Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlim zamanı iş yerlərində mövcud risklərin müəyyən edilməsi, onların qabaqcadan qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsində müasir texnologiyaların rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

21 könüllünün iştirak etdiyi layihənin əsas məqsədi gənclərin əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsiz iş mühiti ilə bağlı biliklərinin artırılması, onlarda real iş şəraitində riskləri müəyyən etmək və qiymətləndirmək, düzgün qərar vermək bacarıqlarının formalaşdırılması, eləcə də əməyin mühafizəsi mədəniyyətinin təşviq edilməsidir.

Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi