
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində DOST Agentliyində “Şəhər infrastrukturunda müyəssərlik” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev şəhər mühitinin insan yönümlü, dayanıqlı, təhlükəsiz və inklüziv prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, müyəssərlik yalnız ayrı-ayrı infrastruktur elementlərinin mövcudluğu ilə məhdudlaşmır. Əlilliyi olan şəxslərin, yaşlıların, uşaqlı valideynlərin, eləcə də hərəkət məhdudiyyətli insanların küçə və səkilərdən, ictimai nəqliyyatdan, dövlət və ictimai obyektlərdən rahat və təhlükəsiz istifadəsini təmin edən kompleks yanaşma tələb olunur.
Universal dizayn prinsiplərinin şəhərsalma və memarlıq prosesinin ilkin mərhələsindən nəzərə alınmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə fiziki müyəssərliklə yanaşı, informasiya, kommunikasiya və rəqəmsal xidmətlərin də hər kəs üçün əlçatan olması mühüm əhəmiyyət daşıyır.
DOST mərkəzlərində vətəndaşların xidmətlərə bərabər çıxışının və müyəssər mühitin təmin edilməsinə xüsusi diqqət yetirildiyi bildirilib.
Tədbir çərçivəsində şəhər infrastrukturunda mövcud çağırışlar, müyəssər və inklüziv mühitin formalaşdırılması, eləcə də bu istiqamətdə dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə olunub.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi