DOST Agentliyində “Sağlamlıq həftəsi” uğurla başa çatıb

28 oktyabr 2026, 15:44
A+ A-
DOST Agentliyində “Sağlamlıq həftəsi” uğurla başa çatıb

DOST Agentliyində əməkdaşların sağlamlığının və rifahının dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunan “Sağlamlıq həftəsi” başa çatıb.

Təşəbbüsün əsas məqsədi əməkdaşların sağlamlıqla bağlı məlumatlılığını artırmaq, profilaktik yanaşmaları təşviq etmək və sağlamlıq yönümlü fəaliyyətləri iş mühitinin bir hissəsinə çevirmək olub.

Həftə ərzində göz sağlamlığı, sağlam qidalanma, süd vəzi xərçənginin erkən diaqnostikası - “Çəhrayı lent”, ilk yardımın əsasları, stress və metabolik sindrom, sağlam düşüncə və gənclərdə gizli hipertenziya mövzularında maarifləndirici sessiyalar və müayinələr təşkil olunub.

Tədbirlər çərçivəsində “Batı Göz” klinikası ilə əməkdaşlıqla göz müayinələri aparılıb, müxtəlif tibb müəssisələrinin mütəxəssisləri tərəfindən profilaktik müayinələrin əhəmiyyəti, sağlam qidalanma və psixoloji rifahla bağlı məlumatlar verilib.

“Sağlamlıq həftəsi” çərçivəsində 200-ə yaxın əməkdaş maarifləndirici sessiya və müayinələrdə iştirak edib.

Həftənin fərqləndirici elementlərindən biri isə “5 gün. 5 sağlam vərdiş. Daha sağlam DOST!” devizi ilə keçirilən "mini-challenge" olub. Çağırış əməkdaşları gündəlik fiziki aktivliyə vaxt ayırmağa, kifayət qədər su içməyə, sağlam qidalanmağa, gözlərinə mütəmadi fasilə verməyə və qısa rifah fasilələri etməyə təşviq edib.

“Sağlamlıq həftəsi” DOST Agentliyində əməkdaş rifahına yönəlmiş yanaşmanın gücləndirilməsinə və daha sağlam iş mühitinin formalaşdırılmasına töhfə verib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi