BSTA-nın vebinarında sosial təminatın modernləşdirilməsi üzrə təşəbbüs təqdim olunub

19 noyabr 2026, 15:22
A+ A-
BSTA-nın vebinarında sosial təminatın modernləşdirilməsi üzrə təşəbbüs təqdim olunub

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “İnnovasiya üçün inzibati məlumatlar” təşəbbüsü çərçivəsində ilk onlayn vebinar keçirilib. Tədbirdə BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Tədqiqatı üzrə Texniki Komissiyasının sədri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov iştirak edib.

Vebinarın əsas məqsədi sosial təminat siyasətlərinin monitorinqi və qiymətləndirilməsini dəstəkləmək üçün müqayisəli təhlil metodologiyası üzrə beynəlxalq təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə Fərid Məmmədov BSTA-nın Birgə İnnovasiya Mərkəzi çərçivəsində irəli sürülən “İnnovasiya üçün inzibati məlumatlar” təşəbbüsünü təqdim edib. Təşəbbüs sosial təminatın idarə edilməsinin modernləşdirilməsi üzrə müqayisəli qiymətləndirmənin aparılmasını nəzərdə tutur. Əsas məqsəd sosial təminat qurumlarının mövcud inzibati məlumatlardan istifadə edərək fəaliyyət nəticələrini ortaq göstəricilər əsasında ölçməsinə, müqayisə aparmasına və təcrübə mübadiləsi etməsinə imkan verən alətin hazırlanmasıdır.

Təşəbbüs çərçivəsində sosial təminatın əhatə dairəsi, xidmətlərə əlçatanlıq, müraciətlərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılması və proaktiv xidmətlərin tətbiqi kimi istiqamətləri əhatə edən ilkin 20 göstərici təklif olunub. Konsepsiyaya əsasən, müvafiq alətin prototipinin DOST Agentliyi və BSTA-nın Birgə İnnovasiya Mərkəzi tərəfindən hazırlanması nəzərdə tutulur.

Vebinarda Fərid Məmmədov “Sosial təminatın idarə edilməsinin modernləşdirilməsi üzrə müqayisəli təhlil və dövlət xidmətlərinin səmərəliliyinin ölçülməsi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla da çıxış edib.

Təqdimat zamanı Azərbaycanda dövlət xidmətlərinin səmərəliliyinin qiymətləndirilməsi mexanizmlərindən bəhs olunub. Dövlət xidmətlərinin “ASAN xidmət indeksi”, DOST mərkəzlərinin isə “DOST indeksi” əsasında qiymətləndirilməsi, eləcə də dövlət qurumlarının rəqəmsal yetkinliyinin və dövlət proqramlarının icra nəticələrinin ölçülməsi sahəsində mövcud təcrübə diqqətə çatdırılıb. Həmçinin pensiya və müavinətlərin vətəndaşların müraciəti olmadan proaktiv qaydada təyin edilməsi sosial təminat sahəsində rəqəmsal həllərin tətbiqinə nümunə kimi təqdim olunub.

Vebinarda Belçikanın ONEM və Finlandiyanın KELA qurumlarının nümayəndələri də məlumatların idarə olunması, monitorinq və qiymətləndirmə sistemlərinin təşkili sahəsində öz təcrübələrini bölüşüblər.

Təşəbbüs çərçivəsində növbəti onlayn vebinarın 2027-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi