Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial layihələrin icrasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb: “Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.
Dövlət başçısı insanların özünüməşğulluq proqramı ilə də rekord sayda – 12 min insanın bu proqramla əhatə ediləcəyini diqqətə çatdırıb: “Heç vaxt bu qədər olmayıb. Həmişə 7 min, 8 min olubdur, bu, rekord saydadır”. Prezident İlham Əliyev yaradılan ödənişli ictimai iş yerlərinin sayının da kəskin artırıldığını bildirib: “Biz bir neçə il bundan əvvəl təqribən 30 mindən başlamışdıq, bu il 40 minə yaxın idi və siz də qeyd etdiyiniz kimi 90 minə çatıbdır”.
Son vaxtlar özünüməşğulluq proqramının genişləndirilməsində banklar da fəal iştirak etməyə başlayıb. Prezident İlham Əliyev: "Şadam ki, özünüməşğulluq proqramına bizim banklar da qoşuldu. Bu, çox müsbət haldır. Biz bu proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə başlamışdıq. İndi həm Dünya Bankı qoşuldu- 100 milyon dollar həcmində, eyni zamanda, bizim banklar qoşuldular” deyə qeyd edib.
Ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biri - şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təminatıdır. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu il, eyni zamanda, şəhid ailələri və müharibə əlilləri üçün rekord sayda – 1500 evin verilməsinin nəzərdə tutulduğunu deyib: “Əgər biz bu templə davam eləsək, yəqin ki, bir-iki il ərzində, maksimum üç il ərzində bu gün növbədə duran bütün şəhid ailələrini, hansılar ki, hələ mənzillər almayıb, mənzillərlə təmin edəcəyik".
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirib ki, cari ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilib. Bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib.
Bu ilin əvvəlində pensiyaların indeksasiyası ilə bağlı dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyalarının 16,6 faiz artırıldığını bildirən S.Babayev son 6 ayda orta pensiyanın ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 300 manata yaxınlaşdığını deyib. O, qeyd edib ki, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib: “Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait ödənilmişdir”. Nazir deyib ki, bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan həyata keçirilib. 324 min insana elektron qaydada arayışlar təqdim edilib.
Hazırda Azərbaycanın minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutduğunu vurğulayan S.Babayev ünvanlı sosial yardım proqramının ödənişi, prosedur qaydalarının sadələşdirilməsi, proqramın, habelə digər dəstək proqramlarının genişləndirilməsi işləri barədə də məlumat verib.
O, bu ilin ötən dövründə şəhid ailələrinə, müharibə əlillərinə 300 mənzilin, müharibə əlillərinə 100 avtomobilin təqdim edildiyini deyib. Karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobilin veriləcəyini, ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi evin, 400 avtomobilin verilməsinin planlaşdırıldığını qeyd edib. 65 yaşdan yuxarı tənha ahılların sosial müdafiəsinin təmin edilməsi işlərindən bəhs edən nazir bildirib ki, bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir: “Sizin çağırışınıza qoşulan bir çox dövlət və özəl şirkətlərimizin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edildi”.
S.Babayev sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planı üzrə həyata keçirlən dəstək tədbirləri, iş yerlərinin qorunması, birdəfəlik ödəmə proqramı barədə də məlumat verib.
DOST mərkəzləri ilə bağlı işlərin davam etdirildiyini vurğulayan nazir deyib: ”Siz may ayında 3 saylı DOST mərkəzinin açılışında iştirak etdiniz. İlk altı ay ərzində bu mərkəzlərdə 61 min vətəndaşımız qəbul edilib, onlara xidmətlər göstərilib. Vətəndaşlarımızın məmnunluq səviyyəsi 96 faiz təşkil etmişdir. Hazırda 7 mərkəzin yaradılması üzərində də iş aparılır. Bunlar Binəqədi, Abşeron, Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad rayonlarında olacaq regional mərkəzlərdir və növbəti ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin əksəriyyətinin istifadəyə verilməsi planlaşdırılır”.
S.Babayev dörd regionda sosial infrastrukturun və regional bərpa mərkəzlərinin artıq tam şəkildə təmir olunduğunu və istifadəyə hazır olduğunu deyib: “Bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki reabilitasiya mərkəzləridir. İlin sonuna qədər Şağan, Şirvan, Qəbələ və Şəmkirdə də reabilitasiya mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcəkdir”.
“Artan orta əməkhaqqı, orta pensiya, yenə də bizim uğurlu sosial siyasətimizi göstərir” deyə qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, yaşa görə də pensiya əhəmiyyətli dərəcədə artıb - 25 faiz və hazırda təqribən 330 manat səviyyəsindədir. Orta əməkhaqqı isə ilin 6 ayında təxminən 25 faiz artıb: “Yəni, bu, kifayət qədər böyük artımlardır və əminəm ki, giriş sözümdə dediyim kimi, bütün bu məsələlər gələn ilin büdcəsində də öz həllini tapacaqdır”.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi