2 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub

24 dekabr 2019, 11:00
A+ A-
2 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı Bakı DOST Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış oldu.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 2 saylı Bakı DOST mərkəzinin binası 2 mərtəbəlidir. Bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Bu DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək.  İl ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi