Asan Aç

Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanmanın Azərbaycanda təşviq edilməsi

22 sentyabr 2020, 12:46
A+ A-
Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanmanın Azərbaycanda təşviq edilməsi

Azərbaycanda yaşlıların rifah halının yaxşılaşdırılması üçün beynəlxalq layihənin icrasına start verilib. Layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), DOST Agentliyi, həmçinin BMT-nin Əhali Fondunun (BMTƏF) maliyyə və təşkilati dəstəyi ilə həyata keçiriləcək.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq nəzərdə tutulur.

Layihənin DOST Agentliyi tərəfindən həyata keçirilən komponenti yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verəcək. Bununla yanaşı, Azərbaycan dövlətinin “fəal yaşlanma” siyasətinə də dəstək olacaq.

Layihənin əsas hədəf qrupu 65 yaşdan yuxarı olan şəxslərdir. Layihə çərçivəsində bu yaş qrupuna daxil olan insanlar, onların ehtiyac və imkanları barədə müfəssəl məlumatlar hazırlanacaq. Yaşlanma məsələlərinə dair ictimai məlumatlılığın artırılması ilə bağlı da bir sıra digər fəaliyyətlər icra olunacaq.

Layihə çərçivəsində yaşlanmanın gətirdiyi çətinliklər və imkanlar ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. Aktiv və xoşbəxt yaşlanmanı təşviq edən maarifləndirici bukletlərin, sosial reklam və sənədli filmlərin, reklam lövhələri və digər materialların hazırlanması planlaşdırılır. Bu layihədə görmə məhdudiyyətli yaşlı insanlar da nəzərdən qaçmayıb. Onların istifadəsi üçün səsli kitabların  və elektron kitabxananın yaradılması da layihənin fəaliyyət planına daxil edilib.

Layihə çərçivəsində yaşlılar üçün kompüter kurslarının təşkil edilməsi nəzərdə tutulur.

Eyni zamanda yaşlı müəllimlər/mentorlar tərəfindən bilik və bacarıqların həmyaşıdlarına və gənclərə ötürülməsi məqsədilə dərzilik, toxuculuq, aşpazlıq və başqa sahələrdə dərslərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı ƏƏSMN tabeliyində olan sosial xidmət müəssisələrində və “ASAN xidmət” mərkəzlərində yaşlı insanların asudə vaxtının təşkili üçün müxtəlif kurslar, seminarlar və peşə təlimləri keçiriləcək. Yaşlıların asudə vaxtlarının təşkili məqsədi ilə İçərişəhərə və muzeylərə ekskursiyalar təşkil olunacaq. Bununla da yaşlı insanların sosiallaşması və cəmiyyətə inteqrasiya olunması üçün mühüm addımlar atılmış olacaq.

Hazırda layihə çərçivəsində müxtəlif sahələr üzrə təlimçilərin seçim prosesi həyata keçirilir. Təlimlərə 1 oktyabr - Beynəlxalq Ahıllar Günündə start verilməsi planlaşdırılır. Layihənin 20 mindən çox şəxsi əhatə edəcəyi nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi