Macarıstan səfirliyindən dostluq jesti

8 dekabr 2020, 16:08
A+ A-
Macarıstan səfirliyindən dostluq jesti

Dekabrın 8-də 1 və 3 saylı Bakı DOST Mərkəzlərində Macarıstan səfirliyinin təşəbbüsü ilə vətəndaşlara macar şirniyyatları təqdim olunub. Macar kulinariya reseptləri əsasında hazırlanaraq “Bal-nar-dost” adlandırılan şirniyyatlarda Göyçay narı, İsmayıllı balı və Azərbaycanda istehsal olunan başqa ərzaqlardan istifadə olunub.
Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Viktor Szederkenyi qış mövsümü və xeyriyyəçilik tədbirlərinin bu fəaliyyətə ən uyğun gələn DOST Agentliyindən başlandığını qeyd edib. Səfir çıxışında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova təşəbbüsə açıq olduğuna görə təşəkkür edib və şirniyyata Macarıstan – Azərbaycan dostluq münasibətlərinin rəmzi kimi “Bal-nar-dost” adının verildiyini bildirib. Səfir həmçinin Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, ölkəmizə sülh və əminamanlıq arzulayıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin DOST Agentliyi və Macarıstan səfirliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində həyata keçirildiyini deyib. İki ölkə arasında dostluq əlaqələrinə toxunan Fərid Məmmədov Macarıstanın Azərbaycanın müstəqiliyini tanımış ilk Avropa ölkələrindən biri və 2014-cü ildən ölkəmizin Avropada strateji tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. O, həmçinin strateji tərəfdaşlığın sosial sahəyə də təsir göstərəcəyini və 2021-ci ildə bu istiqamətdə əməkdaşlığın genişlənəcəyini qeyd edib.
Tədbir Macarıstan səfirliyi və DOST Agentliyi arasında razılaşdırılmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi