ADA Universiteti ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi arasında Anlaşma memorandumu imzalanıb

21 yanvar 2021, 00:00
A+ A-
ADA Universiteti ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi arasında Anlaşma memorandumu imzalanıb

21 yanvar 2021-ci il tarixində ADA Universiteti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST” Agentliyi) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapmışdır.

Razılaşma çərçivəsində ADA-nın bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı, fərqlənən tələbələrin Agentliyin işə qəbul prosesinə cəlb olunması təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da Universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, könüllüləri isə ADA-da gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

Bu gün keçirilən imzalanma mərasimində ADA Universitetinin işğaldan azad edilmiş ərazilərdə sosial layihələr və yeni proqramlar həyata keçirəcəyini vurğulayan Fariz İsmayılzadə bildirib: "Ölkəmizdə islahatların həyata keçirilməsində fərqlənən qurumlar sırasında olan "DOST" Agentliyi ilə imzaladığımız Memorandumun faydalı olacağına ümidvarıq".

Yaxın gələcəkdə "DOST" mərkəzlərinin sayının artırılacağını nəzərə çatdıran Fərid Məmmədov bildirib: "İşğaldan azad edilmiş ərazilərimizdə "DOST Qarabağ proqramı" çərçivəsində fəaliyyətə başlayacaq "DOST" mərkəzləri vasitəsilə vətəndaşlara xidmət göstəriləcək".

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi