Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bir çox sahələrdə olduğu kimi, sosial sahədə də birgə layihələr əsasında fəal əməkdaşlıq təcrübəsi formalaşıb.
Bunu bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə fəaliyyət dövrü başa çatan Kestutis Yankauskas ilə onlayn formatında keçirilən vida görüşündə vurğulayıb.
Azərbaycanın Aİ ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayan nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində geniş miqyaslı islahatların aparıldığını qeyd edib. Bu islahatlar prosesində Aİ ilə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Aİ-nin TACİS, Tvinninq layihələrinin, eləcə də Avropa Təlim Fondu ilə əməkdaşlığın sosial sahədə islahatlarda, sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində mühüm önəm kəsb etdiyini vurğulayıb.
K.Yankauskasın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən S.Babayev bu sahədə verdiyi töhfəyə görə ona təşəkkür edib.
K.Yankauskas Azərbaycandakı fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu vurğulayıb. O, sosial sahədə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu bildirib.
Görüşdə Avropa İttifaqı ilə sosial sahədə icra olunan birgə layihələrə dair fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi