Asan Aç

Vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanıb

3 avqust 2021, 11:51
A+ A-
Vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanıb

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə vahid məkandan xidmətlərin göstərilməsi üçün yaradılmaqda olan vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində təşkil olunan təlimlərdə onlar DOST konsepsiyası, DOST mərkəzlərinin fəaliyyət istiqamətləri, missiyası, bu mərkəzlərdə göstərilən xidmətlər, eləcə də xidmətlərin göstərilmə formaları və s. ilə  bağlı ətraflı məlumatlandırılır. Həmçinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemləri, müraciətlərin qəbulu prosesinin təşkili, vətəndaşların müraciətlərinin icrasının nəticəsi ilə bağlı məlumatlandırılması mexanizmi ilə tanış olurlar.

Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə  7 dövlət orqanı üzrə 26 istiqamət (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək. Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə DOST mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının binalarında təşkil olunacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi