DOST Agentliyi “Çempionlara dəstək” layihəsinə başlayır

23 sentyabr 2021, 16:19
A+ A-
DOST Agentliyi “Çempionlara dəstək” layihəsinə başlayır

DOST Agentliyinin dəstəyi ilə “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsi start götürür. Layihə çərçivəsində Paralimpiya Oyunlarında mükafat qazanmış idmançıların sosial şəbəkələrdə rəsmi hesabları yaradılacaq və həmin hesablar idarə ediləcək.

Layihə çərçivəsində keçirilən tədbirdən öncə Milli Paralimpiya Komitəsinin nümayəndələri və idmançılar 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar. Sonra DOST Agentliyi və Paralimpiya Komitəsinin nümayəndələri, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında nailiyyət əldə etmiş idmançı, eləcə də SMM komandasında fəaliyyət göstərəcək “Könüllü DOST” çıxış edib.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev layihə barədə təqdimat keçirib.

Layihənin məqsədi paralimpiyaçılarımızın uğurlarının, həyat tərzinin, məşq prosesinin işıqlandırılmasıdır. Bu yolla sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin idmana marağının artırılması, idmançıların müsbət imicinin formalaşdırılması və gənclərə motivasiya verilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində əvvəlcə SMM dəstək komandası formalaşdırılacaq. Sosial şəbəkə alqoritmləri, PR sahəsində yaradıcı alətlər, sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi və s. istiqamətlər üzrə təlimlər keçiləcək. Layihənin son mərhələsində media plan hazırlanıb SMM dəstək həyata keçiriləcək.

İlkin mərhələdə 4 paralimpiya çempionu Şahanə Hacıyeva, Orxan Aslanov, Elvin Astanov, Həmid Heydəri və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Pərvin Məmmədovun sosial media hesabları idarə olunacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi