Forumun təşkilində məqsəd sosial xidmətlər, təhsil, səhiyyə, məşğulluq və mənzil təminatı kimi sahələrdə cari və gələcək çağırışları rəhbər tutmaqla Avropa Sosial Şəbəkəsinin növbəti 4 il (2022-2025-ci illər) üzrə strategiyasının müzakirəsi olub. Forum, həmçinin üzvlər arasında şəbəkənin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutub.
Tədbirdə Avropa Komissiyasının, Avropa Sosial Şəbəkəsinin, Belçika, İspaniya, Xorvatiya kimi ölkələrin məsul nümayəndələri çıxış edərək pandemiya ilə əlaqədar təcrübələrini, araşdırmalarını, tövsiyə və təkliflərini bölüşüblər. Həmçinin COVID-19 pandemiyasının yaratdığı gözlənilməz çətinliklər, yeni növ sosial xidmət ehtiyacları və dövlət sosial xidmətlərinin bu ehtiyaclara uyğunlaşdırılması zərurəti xüsusi vurğulanıb.
Növbəti 4 il üçün strategiyanın missiyası, əsas hədəfləri və tətbiqi mexanizmi Forum iştirakçılarına çatdırılıb, əsas strateji istiqamətlər, üzvlər arasında əməkdaşlıq və kommunikasiya üzrə geniş müzakirələr aparılıb. Dövlət sosial xidmətləri sahəsində ölkəmizdə aparılan islahatlar, sosial təminat və xidmətlərin pandemiya dövrünə adaptasiyası istiqamətində görülən tədbirlər, rəqəmsallaşdırma və virtuallaşdırma üzrə təkmilləşdirmə işləri Forum iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, DOST Agentliyi 2021-ci il mart ayından Avropa Sosial Şəbəkəsinin üzvüdür və Şəbəkənin “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin finalçıları sırasında “Texnoloji alətlər” və “Möhtəşəm heyət” nominasiyaları üzrə iki yer qazanıb. Müsabiqə hazırda davam edir və qaliblər dekabr ayının 3-də açıqlanacaq.