Ötən il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib

18 mart 2022, 12:57
A+ A-
Ötən il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2021-ci il ərzində 410 min vətəndaşa xidmət göstərib. Müraciətlərin 276 951-i (67.46%) sosial müdafiə, 60 737-si (14.79%) əlillik, 54 948-i (13.38%) məşğulluq, 9 207-si (2.24%) nazirliyin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, 5 783-ü (1.41%) vahid əlaqələndirmə mərkəzləri, 2 949-u (0.72%) isə əmək münasibətləri sahəsinə aid olub.

Müraciətlərin 113 179-u 1 saylı Bakı DOST Mərkəzinə, 49 309-u 2 saylı Bakı DOST Mərkəzinə, 146 567-si 3 saylı Bakı DOST Mərkəzinə, 66 487-si 4 saylı Bakı DOST Mərkəzinə, 12 792-si Abşeron DOST Mərkəzinə, 22 241-i isə 1 saylı Bakı DOST Mərkəzinin Nazirlik şöbəsinə edilib.

2022-ci il ərzində Çağrı Mərkəzi 142-yə 400 minə qədər zəng daxil olub.  2019-2022-ci illəri əhatə edən tam dövr ərzində Çağrı Mərkəzi 142-yə ümumilikdə 2.250.000 zəng daxil olub.

Övladlığagötürmə və funksional yardımçı xidmətlər üzrə 57 minə yaxın müraciət qəbul edilib.

Ötən il ərzində DOST mərkəzlərində 201 428 vətəndaş monitorinqə cəlb olunub. Onların 98,2%-i xidmətdən razı qaldığını bildirib. “Çağrı Mərkəzi 142”-də məmnunluq səviyyəsi isə 89,3% olub. Mərkəzlərə müraciət etmiş şəxslərin 54.21%-ni kişi, 45.79%-ni qadınlar təşkil edib. 

2021-ci ildə paytaxt ərazisində 2 DOST mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyevin iştirakı ilə mart ayının 30-da 4 saylı Bakı DOST Mərkəzinin, 14 iyulda isə Abşeron DOST Mərkəzinin açılışı olub.

Avqustun 23-də DOST mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə 7 qurum tərəfindən ümumilikdə 26 xidmət göstərən Vahid əlaqələndirmə mərkəzləri (VƏM) fəaliyyətə başlayıb.

2021-ci ilin dekabr ayından Masallı, Ucar və Gəncə şəhərlərində VƏM fəaliyyətə başlayıb. Hesabat dövrü ərzində VƏM tərəfindən (23.08.21-17.03.22 tarixləri arasında) 18.000-ə qədər bilavasitə “DOST” mərkəzləri, 6.000-i regional VƏM və 73.000-i Çağrı mərkəzi 142 vasitəsi ilə olmaqla ümumilikdə  97.000-ə qədər müraciət  qeydə alınıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 5 oktyabr tarixli 3 nömrəli Qərarı ilə "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli 4 nömrəli qərarı ilə DOST Agentliyinin daha bir törəmə təşkilatı - “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC təsis edilib. Mərkəz 07.01.2021-ci il tarixində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

22 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Mərkəzin açılışı baş tutmuşdur.

Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Fəaliyyətə başladığı gündən indiyə qədər 200 nəfər təlimlər üçün mərkəzə müraciət edib. Onlardan 144 nəfəri artıq müxtəlif istiqamətlər üzrə təlimlərə başlayıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi