DOST Agentliyi ilə Macarıstanın dövlət qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib

24 mart 2022, 10:20
A+ A-
DOST Agentliyi ilə Macarıstanın dövlət qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədri Fərid Məmmədov Macarıstanın İnnovasiyalar Nazirliyi, eləcədə İnsan Resursları Nazirliyində görüşlər keçirib. Görüşlər 21-22 mart tarixlərində, Fərid Məmmədovun bu ölkəyə səfəri çərçivəsində baş tutub.

Azərbaycanla Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 2022-ci ilin fevral ayında Bakı şəhərində baş tutmuş 8-ci iclasının yekun protokoluna uyğun olaraq, görüşlərdə DOST Agentliyi ilə Macarıstanın müvafiq qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib, həmçinin DOST Agentliyi və onun fəaliyyəti haqqında hərtərəfli təqdimat qarşı tərəfin diqqətinə çatdırılıb. Macarıstan İnsan Resursları Nazirliyinin Sosial məsələlər üzrə Dövlət Katibinin müavini Atilla Şimon həmsöhbətinə Macarıstan tərəfinin sosial sahədə təcrübəsi haqqında ətraflı məlumat təqdim edib, ardından Macarıstanda sosial sahədə fəaliyyət göstərən müəssisələrə səfər təşkil olunub.

Yekunda, tərəflər digər ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Fərid Məmmədovun səfəri zamanı onun Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə ilə görüşü də baş tutub, səfirliyin birinci katibi Seymur Abdullayev DOST Agentliyinin İdarə Heyəti sədrinin keçirdiyi görüşlərdə onu müşayiət edib. Görüşlər Macarıstanın Azərbaycandakı Səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi