DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında Anlaşma memorandumu imzalanıb

1 aprel 2022, 10:29
A+ A-
DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında Anlaşma memorandumu imzalanıb
Aprelin 1-də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
BDU-nun rektoru Elçin Babayev memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib. O qeyd edib ki, qısa müddət ərzində sosial sahədə brendə çevrilən Agentliyin təcrübəsi artıq xarici ölkələr tərəfindən öyrənilir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə BDU-nun potensialına böyük ümid etdiyini bildirən Fərid Məmmədov imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.
Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapıb.
Razılaşma çərçivəsində Bakı Dövlət Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi