Eşitmə və nitq məhdudiyyəti olan vətəndaşların DOST xidmətlərindən yararlanması daha da rahat olub

22 aprel 2022, 10:45
A+ A-
Eşitmə və nitq məhdudiyyəti olan vətəndaşların DOST xidmətlərindən yararlanması daha da rahat olub
Dörd aya yaxındır ki, DOST mərkəzlərində eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidməti göstərilir. Bu kateqoriyadan olan vətəndaşlar DOST Mərkəzlərinə müraciət edərkən, onlara xüsusi təyin edilmiş surdo tərcüməçilər vasitəsi ilə xidmət edilir.
Xidmətdən yararlanmaq istəyən vətəndaşlar onlayn növbə götürməlidir. Bunun üçün vətəndaş DOST Agentliyinin rəsmi saytında "onlayn növbə" bölməsinə daxil olaraq, xidmət almaq istədiyi mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçir, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edir, həmçinin eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidməti almaq istədiyini qeyd edir.
Daha sonra vətəndaş götürdüyü onlayn növbəyə uyğun olaraq DOST mərkəzinə gəlir və müvafiq masaya yaxınlaşır. Mərkəzin sosial agenti xüsusi proqramla təchiz edilmiş video kamera və monitor vasitəsilə surdotərcüməçi ilə video əlaqə yaradır və şəxsə xidmət göstərir.
Surdotərcümə xidmətinin göstərilməsində məqsəd bu qrupdan olan şəxslərin DOST xidmətlərindən rahat istifadə imkanlarının təmin edilməsidir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi