DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatlarına layiq görülüb

4 may 2022, 11:13
A+ A-
DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatlarına layiq görülüb

DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinə təqdim etdiyi üç ərizənin hər biri Müstəqil Beynəlxalq Münsiflər Heyətinin 15 fevral 2022-ci il tarixli qərarı ilə fəxri diplomlar (Certificates of Merit) və attestata layiq görülüb. Mükafatlar 2 may 2022-ci il tarixlərində Estoniyanın Tallinn şəhərində keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”nda təqdim olunub. DOST Agentliyi müsabiqədə “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələr ilə iştirak edib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli ekspert statusunda “Avropa Regional Sosial Təminat Forumu”nda “Sosial təminat idarəçiliyində mükəmməlliyi təmin etmək üçün innovativ yanaşmalar” adlı paralel sessiyanın “Yaxşı təcrübələr” bölməsində “Qabaqlayıcı tədbirlər və fəal yaşlanmanın gücləndirilməsi” panelində “DOST Agentliyi ləyaqətli həyat naminə: 65+ şəxslər üçün sosial müdafiənin təminati” adlı təqdimat ilə çıxış edib.
Təqdimatda 65 yaşdan yuxarı olan şəxslər üçün sosial xidmətlərin qurulması, COVİD-19 pandemiyası dövründə rast gəlinmiş çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar və görülən tədbirlər, atılmış addımların təsiri və nəticələrin qiymətləndirilməsi, öyrənilmiş dərslər və tövsiyələr, eləcə də BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilmiş “Fəal yaşlanma” layihəsinin təcrübəsi barədə məlumat verilib.
Qeyd edək ki, DOST Agentliyi ötən il başqa beynəlxalq qurumun – Avropa Sosial Şəbəkəsinin “Texnolgiya Alətləri” nominasiyasında qalib elan edilmiş, bu ilin fevral ayında isə sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanına layiq görülmüşdü.
DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Hazırda 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi