Avropa üzrə yaxşı təcrübə - DOST!

6 may 2022, 17:43
A+ A-
Avropa üzrə yaxşı təcrübə - DOST!

DOST Agentliyi “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinin qalibi olub. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən keçirilən müsabiqənin mükafatları Estoniyanın Tallin şəhərində “Avropa üçün Regional Sosial Təminat Forumu” çərçivəsində təqdim edilib.
Müsabiqədə Dövlət Sosial Müdafiə Fondunun xətti ilə iştirak edən DOST Agentliyi “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” ərizələri ilə iştirak edib. Namizədlər müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqədə 20 Avropa ölkəsindən 32 təşkilat 96 ərizə ilə təmsil olunub. Müəssisələr tərəfindən həyata keçirilən mühüm inzibati təşəbbüsləri və innovativ həlləri qiymətləndirən müsabiqə idarəçilikdə yaxşı təcrübələri üzə çıxararaq dünya auditoriyasına tanıtmaq üçün unikal imkan yaradır. Burada əsas məqsəd isə mükəmməl sosial təminatın təşkilidir.
BSTA-nın “Yaxşı Təcrübə Mükafatı” Afrika, Amerika, Avropa, Asiya və Sakit Okean regionu üçün ayrı-ayrılıqda 3 ildən bir elan edilir və hər region üzrə təşkil edilən sosial təminat forumunda təqdim olunur.
Sosial təminat üzrə ixtisaslaşan qurumlar arasında dünyada lider mövqeyində olan Beynəlxalq Sosial Təminat Assosiasiyası 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi altında yaradılıb. Sıralarında 160 ölkənin 320-dən çox təşkilatını birləşdirir. BSTA bütün dünyada dinamik sosial təminat sistemləri və siyasətini inkişaf etdirmək məqsədilə peşəkar təlimatlar, təlimlər, ekspert bilikləri və xidmətlər vasitəsilə sosial təminat sahəsində mükəmməl idarəçiliyi təşviq edir. Bu imkandan yararlanmaq məqsədilə DOST Agentliyi BSTA-nın Tanınma Proqramının “Xidmət keyfiyyəti” kateqoriyasında da iştirak edir.
Qeyd edək ki, DOST Agentliyi 2020 və 2021-ci illərdə daha bir beynəlxalq qurumun – Avropa Sosial Şəbəkəsinin – Avropa Sosial Xidmətlər Mükafatının finalçılar siyahılarında yerlər qazanıb, 2022-ci ilin aprel ayında isə qurumun “Texnologiya Alətləri” nominasiyasında ali mükafata layiq görülüb. Bu ilin fevral ayında isə DOST Agentliyi “Sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanı”na layiq görülüb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi