YAP-a üzv qəbul olunmuş nazirlik əməkdaşlarına vəsiqələr təqdim olundu

10 may 2022, 15:35
A+ A-
YAP-a üzv qəbul olunmuş nazirlik əməkdaşlarına vəsiqələr təqdim olundu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul olunmuş nazirlik əməkdaşlarına Partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas, Makedoniya Türk Demokratik Partiyasının sədr müavini, həmin ölkənin əmək və sosial siyasət nazirinin müavini Ənvər Hüseyn və b. iştirak ediblər.

S.Babayev ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycanda iqtisadi inkişafı, sosial rifah halının ildən-ilə yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. O, ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin uzunmüddətli inkişaf yoluna çıxarılması istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edib.

Nazir ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, vətəndaş rifahına təminat yaradan sosial inkişaf strategiyasının nailiyyətlərini qeyd edib. Ulu öndərin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycanın sürətli tərəqqiyə, sosial sahədə mühüm uğurlara nail olunduğunu vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən nazir bildirib ki, partiyaya olan böyük inam və etimadın təzahürü olaraq YAP sıralarına qoşulanların sayı daim artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemi üzrə də son illərdə daha 900 əməkdaş YAP-a üzv olub. Nazirlik sistemi üzrə YAP üzvü olan əməkdaşların sayı 4000-ə qədərdir.

T.Budaqov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini qeyd edib. Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin, əbədiyaşar ideyalarının əvəzsiz tarixi rolunu vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha uca, yeni zirvələrə yüksəldiyini, böyük qələbələrə imza atdığını qeyd edib.

B.İlyas Azərbaycanda səfərdə olmaqdan, ölkəmizdəki davamlı inkişafı görməkdən məmnun olduğunu qeyd edib.

Tədbirdə Nazirlik sistemində çalışan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib. Partiyaya üzv qəbul olunan əməkdaşlar YAP prinsiplərinə uyğun olaraq daim fəaliyyətlərində azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini uca tutacaqlarını vurğulayıblar.

Ümumilikdə daha 90 əməkdaşa partiyanın üzvlük vəsiqələri verilib.

Tədbir iştirakçıları DOST Agentliyi və 1 saylı DOST mərkəzinin fəaliyyəti, əhaliyə göstərilən DOST xidmətləri ilə də yaxından tanış olublar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi