Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” bədii filminin nümayişi oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” İnklüziv teatrın istehsalı olan “Köhnə çamadanlar” bədii filminin qala gecəsi Bakı Konqres Mərkəzində olub.
Filmin baş sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “RS Production”, digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir.
Hökumət rəsmiləri, millət vəkilləri, QHT nümayəndələri, tanınmış incəsənət xadimləri, müharibə veteranları da filmin izləyiciləri sırasında olub.
Nümayişdən əvvəl çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu filmin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərə həsr olunduğunu bildirib.
Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv layihələrdə fəal iştirakını bu filmdə də davam etdirdiyini diqqətə çatdırıb. S.Babayev ekran əsərinin 90 nəfərlik yaradıcı heyətinin 20-dən çoxunun əlilliyi olan şəxs, o cümlədən bir qisminin müharibə əlili olduğunu, bu baxımdan filmin həm də inkluziv yaradıcılıq nümunəsi kimi də önəm kəsb etdiyini qeyd edib.
İzləyicilər tərəfindən maraqla qarşılanan “Köhnə çamadanlar” bədii filmində sujet xətti Birinci Qarabağ müharibəsi ilə əlaqələndirilib. Filmdə müharibənin insan talelərində buraxdığı izlər, savaşdan çıxmış insanların həyata müqaviməti ön plandadır.
Film Vətən müharibəsində Ordumuzun qələbəsi ilə yekunlaşır.
Ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılova olan filmdə rolları xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və b. ifa edib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi