Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti DOST Agentliyində olub. Məqsəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatında, həmçinin nazirliyin tabeliyində olan təşkilatlarda və ərazi bölmələrində insan resurslarının idarə edilməsi sistemi ilə tanış olmaqdır.
ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlikdə və ona tabe qurumlarda insan resurslarının idarə edilməsi sistemi ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib, həmçinin dövlət qulluğuna namizədlərin seçimi prosesini izah edib.
DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Seymur Alıyev qonaqlara DOST layihəsi haqqında ümumi məlumat verib, DOST mərkəzlərinin iş prinsipi, xidmət sahələri ilə bağlı yenilikləri diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəzlərdə vətəndaşlara “bir pəncərə”dən əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmət göstərilir.
Daha sonra ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev nazirliyin əsas fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda insan resurslarının əsas institutları, işə qəbul, dövlət qulluqçularının əlavə peşə təhsili, onların qiymətləndirilməsi, həmçinin kadr ehtiyatının yaradılması ilə bağlı görülən işlər barədə məlumat verilib.
DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktor müavini Sayad Ələsgərova "DOST Agentliyində insan resurslarının idarə edilməsi və könüllü işinin təşkili" mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanları və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır. Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə 23-27 may tarixlərində Bakıda işgüzar səfərdə olacaq nümayəndə heyəti müxtəlif qurumlarda görüşlər keçirəcək. Səfərin məqsədi açıq rəqabət sisteminin optimallaşdırılması, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət qulluğuna namizədlərin seçimində şəffaflığın, ədalətliliyin və obyektivliyin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsini öyrənməkdir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi