"Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb

3 iyun 2022, 17:13
A+ A-

Forum "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunub

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki  DOST Agentliyinin "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb.  

 Forum "Könüllü DOST" proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.

 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan forum gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial sahədə könüllülük fəaliyyətinin və onun faydalarının, korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təbliği məqsədi daşıyıb.

 Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və b. iştirak ediblər.

 Forum əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlayıb.

 S.Babayev "Könüllü DOST" proqramının iştirakçılarını proqramın 3 illiyi münasibətilə təbrik edib. O, ölkəmizdə könüllülük hərəkarının genişlənməsində "Könüllü DOST" proqramının önəmini diqqətə çatdırıb.

 Nazir DOST brendinin qısa müddətdə böyük uğur qazanmasında, DOST mərkəzlərində yüksək vətəndaş məmnunluğuna nail olunmasında proqram iştirakçılarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Həmin mərkəzlərdəki könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etmək kimi nəcib işlə məşğul olaraq bu sahədə dəstək göstərdiklərini, eyni zamanda sosial sahə ilə bağlı böyük təcrübə qazandıqlarını bildirib.

 Digər çıxış edənlər "Könüllü DOST" proqramı iştirakçılarını təbrik edərək, könüllülüyün əhəmiyyətindən bəhs ediblər.

 F.Məmmədov "Könüllü DOST" proqramı ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, DOST Agentliyində könüllülük fəaliyyəti "Gənc DOST", "Gümüşü DOST" və "Distant DOST" altproqramları olmaqla 3 istiqamətdə təşkil edilib. Ötən müddət ərzində proqrama 60 mindən çox müraciət olub, onlardan 2 min nəfərdən çox şəxs könüllülük fəaliyyətinə cəlb edilib.

 "Könüllü DOST" proqramı könüllülük hərəkatına və gənclər siyasətinə, dövlət-vətəndaş münasibətlərinin inkişafına, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək məqsədi daşımaqla, gənclərin əmək bazarına hazırlığında, eləcə də fəal yaşlanmada önəmli rol oynayır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir.

 Tədbirdə yeni “İnklüziv DOST” altproqramının da təqdimatı olub.

 Forum "Sosial sahədə könüllülük" və "Korporativ sosial məsuliyyətlilik" üzrə panel müzakirələri ilə davam edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi