BƏT Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru xanım Olqa Kulayeva və qurumun Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev DOST Mərkəzində olub
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru xanım Olqa Kulayeva və qurumun Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev 1 saylı Bakı DOST Mərkəzində olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları mərkəzlə tanış edib və xidmət prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində vətəndaşlara əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi qonaqların diqqətinə çatdırılıb. BƏT nümayəndələri 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər.
Daha sonra BƏT nümayəndələrinə DOST konsepsiyası və fəaliyyəti barədə təqdimat nümayiş olunub. Görüşdə qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Olqa Kulayeva Azərbaycan və BƏT arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetləri və nəticələrinin müəyyənləşdirilməsi üzrə konfrans çərçivəsində Bakı şəhərində səfərdədir.