Nazir Sahil Babayev AZƏRTAC-ın kollektivi ilə görüşüb

29 fevral 2020, 15:48
A+ A-
Nazir Sahil Babayev AZƏRTAC-ın kollektivi ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illiyi münasibətilə Agentliyə gələrək AZƏRTAC-ın kollektivi ilə görüşüb,  onlara nazirlik adından təbrikini çatdırıb.  

Agentliyin Baş direktoru Aslan Aslanov AZƏRTAC-ın ötən dövrdə keçdiyi inkişaf yolu barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi nəticəsində AZƏRTAC-ın fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurları diqqətə çatdırıb. Müxtəlif dillərdə də informasiyalar yayan Agentliyin ölkəmizdə dinamik inkişaf proseslərini, o cümlədən sosial sahədə nailiyyətləri də mütəmadi olaraq işıqlandırdığını qeyd edib.

Görüşdə çıxış edən S.Babayev rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv və peşəkar informasiya təminatı sahəsində aparıcı mövqedə olduğunu vurğulayıb.

Nazir Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan  DOST konsepsiyasının dövlət sosial xidmətlərindən ibarət olmaqla hazırda 132 növdə xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun qurulmasını təmin etdiyini vurğulayıb.  16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən, aktiv istifadəçi sayı artıq 155 minə yaxın, baxış sayı 1,9 milyondan çox olan “E-sosial” portalının  əhəmiyyətindən, Məşğulluq” altsisteminin üstünlüklərindən bəhs edib.

S.Babayev ötən il qurulan elektron təyinat sistemlərinin illik 200 min şəxsin pensiya, müavinət, təqaüd təyinatı üzrə müraciət olunmadan, proaktiv formada xidmətlə, yaradılan 15 növdə e-arayış xidmətinin ildə 1,5 milyondan  çox insanın müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verdiyini deyib. Bu il daha 15 növdə e-arayış xidmətinin istifadəyə veriləcəyini bildirib. O, aktiv məşğulluq tədbirlərinin, özünüməşğulluq proqramının əhatə dairəsinin 2020-ci ildə də genişləndirilməsi, qeyri-formal məşğulluğunun qarşısının alınması istiqamətində aparılan işləri, nazirliyin qarşısında duran hədəfləri  diqqətə çatdırıb.

Nazir aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə ictimaiyyətin geniş məlumatlandırılmasında AZƏRTAC-ın daim ardıcıl və peşəkar fəaliyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətinin uğurları, vətəndaş rifahının təminatına xidmət edən genişmiqyaslı islahatlar, ildən-ilə güclənən sosial müdafiə tədbirləri, aktiv məşğulluq proqramları  barədə cəmiyyətin dolğun və obyektiv, çevik informasiya təminatında AZƏRTAC mühüm rola malikdir. Agentliyin xəbər gündəmində sosial mövzular daim ön planda dayanır, sosial sahədə yaradılan innovativ xidmət mexanizmləri, həssas qruplara dəstək layihələri barədə də mütəmadi xəbərlər yayımlanır.

S.Babayev AZƏRTAC-ın kollektivini bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir AZƏRTAC əməkdaşlarının suallarını da cavablandırıb.

Sonra AZƏRTAC-ın bir qrup əməkdaşına əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin və sosial sahədə aparılan islahatların işıqlandırılmasında peşəkar və səmərəli fəaliyyətinə görə nazirliyin təşəkkürnamələri təqdim edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi