Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhid hərbi qulluqçularımızın ailələri ziyarət olunaraq onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlanıb.
Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə onlara zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb.
Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaq. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq.
Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək.
Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır.
Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq.
Vətən yolunda şəhidlik zirvəsinə ucalan, daim xalqımızın qəlbində yaşayacaq qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyirik!
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi