Dünya Sosial Təminat Forumunda DOST Agentliyi Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla, Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə iki Mükəmməllik Sertifikatı ilə təltif edilib.
Mərakeşdə keçirilən Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən:
DOST Agentliyi Tanınma Proqramının Xidmət Keyfiyyəti üzrə beynəlxalq sertifikatla,
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə iki Mükəmməllik Sertifikatı
ilə təltif edilib.
150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova və DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edilib.
Bu ilin sentyabr ayında BSTA-dan DOST Agentliyinə DOST xidmətlərinin beynəlxalq standartlar səviyyəsinə çatdığı barədə rəsmi məktub alınıb. Beləliklə, DOST Agentliyi Azərbaycanda Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurum olub.
Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə mükəmməl səviyyədə cavab verdiyini, sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir. Fondun həmçinin proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmləri, gələcəyə hədəflənən innovativ yanaşmaları qurumun bu iki mühüm mükafata layiq görülməsini şərtləndirib.
Qeyd edək ki, bundan əvvəl də DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını, DSMF Böyük Britaniyada “iESE – The Public Sector Transformation” Təşkilatının ali mükafatını, habelə hər iki qurum BSTA və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 6 mükafatını alıb.
Beləliklə, hazırkı yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DOST və DSMF) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb.
BSTA 160 ölkədən 320 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirir və dünyada sosial təminat üzrə qlobal kampaniyaya rəhbərlik edir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi