Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Rəsmi qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Rumıniyanın keçdiyi inkişaf yolundan bəhs edib, ölkələrimiz arasında əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Hökuməti adından təbrik edib.
Bu il Azərbaycanla Rumıniyanın diplomatik əlaqələrinin 30 illiyinin qeyd edildiyini bildirən nazir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb.
Bildirib ki, 2009-cu ildə iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, ümumilikdə ötən illərdə 61 əməkdaşlıq sənədi imzalanıb. Ölkələrimiz arasında əlaqələr daim inkişaf edir və Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsinin bu ilin yanvar-oktyabr aylarında 2,35 dəfə artması da bunu göstərir.
S.Babayev digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlığın genişlənməkdə olduğunu bildirib. O, ötən ay Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu, həmin nazirliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən sənəd imzalandığını qeyd edib.
Nazir iqtisadi münasibətlərin inkişafında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin xüsusi önəmini qeyd edib. Bakıda və Buxarestdə keçirilən biznes forumların, işgüzar görüşlərin əlaqələrin genişlənməsində mühüm rolunu vurğulayıb.
S.Babayev birgə səylər əsasında Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi