DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda iştirak edib. Forum Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və ASAN Xidmət-in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində baş tutub.
Tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova da iştirak edib.
Forum könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgidə könüllülərin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev tədbir iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi 2022-ci ildə də ölkə başçısı cənab İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib.
Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər mükafatla təltif olunublar. Qaliblər arasında “Könüllü DOST” proqramının üzvləri də olub. Könüllülərimizdən 2 nəfər “İlin Könüllüsü”, 3 nəfər isə “İlin Fəal Könüllüsü” seçilib.
Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi