DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri dekabrın 1-dən 9-dək keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022”də iştirak edib. Həftə ərzində könüllülərimiz “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük Sərhəd Tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”, “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi” və digər fəaliyyətlərdə aktivlikləri ilə seçiliblər.
Tədbirlər proqramı çərçivəsində könüllülər tərəfindən şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunub, həmçinin ətraf mühitin sağlamlaşdırılması, ağac əkilməsi, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi fəaliyyətlər həyata keçirilib. Könüllülərin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.
Tədbirlər proqramında könüllülər "ZəfərimİZ" aksiyası çərçivəsində I Fəxri Xiyabana və Şəhidlər Xiyabanına yürüş edib, həmçinin ətraf mühitin sağlamlaşdırılması, ağac əkilməsi, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsinə yardım ediblər. "TəbiətimİZ" aksiyası çərçivəsində tullantıdan-incəsənətə adlı “Eco Workshop”da gənclər eko-çantalar, plastik tullantılar üzərinə müxtəlif rəsmlər çəkiblər.
“Könüllü DOST” proqramının üzvləri “BiliyimİZ” adlı intellektual turnirdə uğurla çıxış edib. “Nə? Harada? Nə Zaman?” formatında olan keçirilən və 20 komandanın mübarizə apardığı yarışda könüllülərimiz 2-ci yerin sahibi olub.
Könüllülərimiz Mingəçevir şəhərində keçirilən "Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi"ndə də DOST Agentliyini uğurla təmsil ediblər.
Könüllülük həftəsi çərçivəsində təşkil olunan “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər mükafatla təltif olunublar. Qaliblər arasında “Könüllü DOST” proqramının üzvləri də olub. Könüllülərimizdən 2 nəfər “İlin Könüllüsü”, 3 nəfər isə “İlin Fəal Könüllüsü” seçilib.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2022” Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi