Asan Aç

Yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır

23 dekabr 2022, 16:52
A+ A-
Yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyinin sosial sahədə vətəndaş məmnunluğuna yönələn islahatların təzahürü olduğunu vurğulayıb. 

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verib. Bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur. 

DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu il ərzində DOST Agentliyi: “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib. 

DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib.

2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi açılıb. Bakıda daha bir DOST mərkəzi açılacaq və bir sıra bölgələrdə də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır. 

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsi qurulacaq. Bu istiqamətdə ilk addım kimi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “SMART DOST” xidmət məntəqəsi açılıb. 

Daha sonra Agentliyin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı 2022-ci il üzrə hesabatı təqdim edib. 

İclasda DOST Agentliyi tərəfindən görülən işlərin nəticələri, yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri, DOST Agentliyinin aparatının, “DOST” mərkəzlərinin və digər bölmələrinin strukturuna dair məsələlər müzakirə olunub.

Yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi