Asan Aç

Sosial sahə üzrə elektronlaşma proqramının əhatə dairəsi daha da genişlənəcək

28 fevral 2023, 12:36
A+ A-
Sosial sahə üzrə elektronlaşma proqramının əhatə dairəsi daha da genişlənəcək

Ötən il daha 618,3 min vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faiz təşkil edib. Ümumilikdə isə ötən dövrdə DOST mərkəzlərində 1,3 milyonadək vətəndaşa xidmət göstərilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılmış sosial islahatların mühüm innovativ uğurlarından biri olmaqla sosial sahələrə aid 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.

Qeyd olunub ki, 2022-ci ilin dekabr ayında daha bir  DOST mərkəzi açılaraq bu mərkəzlərin sayı 6-ya çatıb. Habelə 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.  Son bir ildə DOST xidmətləri sahəsində bir sıra yeniliklər (Onlayn növbə xidməti, səyyar xidmətlərin, mediasiya xidmətinin təşkili, surdo tərcümə və s.) də tətbiq olunub. Eləcə də DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib,  2 layihə üzrə finalçı seçilib, 4 beynəlxalq ISO sertifikatı əldə edib.

Sosial sahədə ötən beş ildə ardıcıl olaraq icra olunan elektronlaşma proqramından bəhs olunub. Keçən il də bu sahədə işlərin davam etdirildiyi, artıq Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı,  e-sistem üzərindən 51 proaktiv xidmətin fəaliyyət göstərdiyi qeyd edilib. Ötən il Nazirliyin informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olduğu diqqətə çatdırılıb. 

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-xidmətlərinə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb, Nazirliyin e-sistemlərinə sorğu və müraciətlərin sayı 209 milyon olub. Ötən il daha 314 min proaktiv təyinat aparılıb. E-sosial portalından keçən il 1 milyon 273 min, ümumilikdə ötən dövrdə 10,9 milyon dəfə istifadə edilib. 

Nazirlik “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmədə əvvəlki dövrlər üzrə nəticələrini daha da artıraraq 88% nəticə ilə birinci yerdə qərarlaşıb. Beləliklə, 2019-cu ilə aid qiymətləndirmədə 20-ci yerdə olan Nazirlik 2020-ci il üzrə 5-ci yeri, 2021-ci il üzrə 2-ci yeri, bu il açıqlanan yeni qiymətləndirmədə isə ilk yeri tutub.

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi isə BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrədə (İsveçrə) keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində  təşkil olunan, müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi  müsabiqənin “Çempion layihələri”i seçilib. Sosial sahə üzrə elektronlaşma proqramının əhatə dairəsinin daha da genişlənəcəyi, bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Ötən il 57,5 min şəxsə əlillik təyinatı aparıldığı, əvvəlki ilə nisbətən 5,4 dəfə çox olmaqla 50,4 min şəxsə reabilitasiya xidməti göstərildiyi bildirilib. Həmçinin keçən il əlilliyi olan şəxslərə 66,3 min reabilitasiya vasitəsi verildiyi, bunun əvvəlki ilə nisbətən 40 faizədək çox olduğu  qeyd olunub. 

Yeni sosial obyektlərin yaradılması, əlillik və reabilitasiya, xidmətlərin elektronlaşmasının əhatə dairəsinin, eləcə də reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsi və s. sahələrdə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva da müsabiqənin mentorluq proqramı çərçivəsində iclasda iştirak ediblər.

Sosial sahə üzrə elektronlaşma proqramının əhatə dairəsi daha da genişlənəcək

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi