Asan Aç

Monteneqro nümayəndə heyəti DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub

2 mart 2023, 21:17
A+ A-
Monteneqro nümayəndə heyəti DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) olub. 

Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatların mühüm bir istiqamətinin dövlət sosial xidmətlərinin elektronlaşdırılması olduğunu vurğulayıb. 

Əmək, məşğulluq, sosial müdafiə sahələrində qurulan rəqəmsal infrastruktur, elektron sistemlər üzərindən proaktiv təyinat mexanizmləri barədə məlumat verilib. 

DOST RİM-in direktoru Kənan Əkpərov nümayəndə heyəti üçün sosial sahədə elektronlaşma proqramına, xidmətlərin avtomatlaşdırılması və proaktiv formada təqdim olunması sahəsində Mərkəzin təcrübəsinə dair təqdimat edib. 

Artıq Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı,  e-sistem üzərindən 51 proaktiv xidmətin fəaliyyət göstərdiyi, Nazirliyin e-xidmətlərinə təkcə 2022-ci ildə 9,9 milyon müraciət edildiyi, son bir ildə daha 314 min proaktiv təyinat aparıldığı və s. bildirilib. 

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi barədə də məlumat verilib. Bu iki innovativ uğurun BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının  “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində  təşkil olunan, müxtəlif ölkələrdən 900 layihənin iştirak etdiyi müsabiqənin “Çempion layihələri” seçildiyi diqqətə çatdırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi