Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə nazir Sahil Babayevin görüşündə Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan mühüm addımlardan bəhs olunub. Eyni zamanda Naxçıvan MR-də sosial-iqtisadi inkişaf prosesləri, sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluğun təminatı, sosial xidmətlər, tibbi-sosial reabilitasiya, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan işlər qeyd olunub.
Dövlət başçısının göstərişinə əsasən, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi, o cümlədən Naxçıvan şəhərində də DOST mərkəzinin yaradılması məqsədilə işlərin aparıldığı bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ilə görüşüblər.
Naxçıvan Muxtar Respublikasının yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.
Görüşdə Naxçıvanda sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası istiqamətində görülən işlər, sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, sosial islahatlar proqramının həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
Muxtar Respublikada sosial sahədə idarəçilik və xidmətlər sistemində müasir innovativ həllərin, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərdə elektronlaşma və proaktiv təyinat mexanizmlərinin geniş tətbiqini nəzərdə tutan hədəflərdən bəhs olunub.
Məlumat üçün bildirək ki, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci ildə DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 13 avqust 2021-ci ildən hazırki vəzifəsinə qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi